100 vacib sual | 2. Ruh varmı?

100 vacib sual | 2. Ruh varmı?
  14 Fevral 2014    Oxunub:22461
AzVision.az `100 vacib sual` rubrikasında Azərbaycan insanını düşündürən 100 əsas sualı seçərək, onları uyğun sahələrin bilicilərinin köməyi ilə cavablandırmağa çalışır.

Birinci sualımız belə idi:Həyatın mənası nədir?

İkinci sualımız, əvvəlcədən elan etdiyimiz kimi, bu cürdür: Ruh varmı?


Azad İsayev, psixoloq:

- Hesab edirəm ki, ruh var və ruh bədənimizdə olduqca biz yaşayırıq. Təsadüfi deyil ki, Azərbaycan dilində psixi xəstəlikləri, `ruhi xəstəlik` adlandırırlar. Deməli, ruh var ki, onun xəstəliyi də var.

Psixiatrın ruh anlayışı ilə din xadiminin ruh anlayışı arasında fərq ola bilər. Eyni söz ilə ayrı şeyləri nəzərdə tuta bilərik.

Amerikada bir araşdırma zamanı müəyyən ediblər ki, ölən anda insanın çəkisi bir neçə qram azalıb. Bununla da demək istəyiblər ki, ruhun hətta çəkisi var. Yəqin ki, bizim hansısa formada ruhumuz var. Və bu, bizim davranışımız, emosiyamız, insanın dünya baxışı ilə özünü büruzə verir.


Adil Qeybulla, həkim:

- Bu, dini mövzudur. Elmi baxımdan daha çox mistika sayıla bilər. Yəni elm tələb edir ki, qoyulan hər bir məsələ, arqument, faktlar, sübutlar eksprimentlər ilə təsdiq olunsun. Əgər təsdiq olunmursa, mistika sayılmaqda davam edir. Qeyri -real olaraq qalır. Tibb elmi ruhu qətiyyən tədqiq etməyib.


Elşən Məmmədov, ekstrasens:

- Ruh var. Sadəcə, insan şüuru ruhu dərk edə bilmir. Tək mənim fikrim yox, bütün üləmalar, bütün səmavi kitablar ruhun varlığını təsdiq edir. Ruhun varlığını Quran təsdiq edirsə, biz kimik ki, onun əksinə gedək?!

Dövrümüzün insanları ayırd edə bilmirlər ki, cin, şeytan, iblis nədir, ruh nədir. Allah peyğəmbərə buyurub ki, insanlara ruhlar haqqında hansısa məlumat verilməsin. Amma bəzi hədisələrdə bildirilir ki, insanın saçı ilə dırnağında ruh olmaz. Yəni onları kəssən, ağrıtmır. Və maraqlısı da ondadır ki, insanlar öləndən sonra saç ilə dırnaq torpağın altında inkişafa davam edir. Çünki onlarda ruh yoxdur. Düzdür, elmdə deyirlər ki, bu, sinir sitemi ilə bağlıdır. Amma din bu cür izah edir.

Çox adam iddia edir ki, ruh görüb. Bəziləri deyir ki, ruhu kölgə, tüstü, süd kimi gördüm. Hərə bir cür gördüyünü deyir. Amma islam dini deyir ki, ruhu görmək mümkün deyil. Bunlar cin, şeytan nə iləsə çaşdıra bilərlər.

Bəzi iddialara görə, insanın onurğa sütunun aşağıdan ikinci fəqərəsində gözlə görünməyən bir nöqtə var, orada ruh yerləşir. Yəni insan ölsə belə, o nöqtə heç vaxt ölmür, başqa bir bədənə ötürülür. Amma İslamda deyilir ki, iki qırxgünlükdən sonra ana bətnində körpəyə ruh üflənir. Əcəl vaxtı çatanda isə ruh bədəni tərk edir və cism artıq heç bir şeyə yaramır.

Bəzi xalqlarda bağlı rituallar var. Yəni ruhun bədəndən ayrılması və ya bədənə gətirilməsi kimi şeylər var. Bəzi inanaclara görə 4-5- ci günlər ruhların azad olduğu gündür. Bəzi bölgələrdə insan öldükdə onun sinəsinin üstünə güzgü qoyurlar. Həmin güzgüdə işığa, yəni lampaya baxırlar. Əgər o, tərpənirsə, bunu ruhun bədəndən çıxması kimi qəbul edirlər.

İnsan yuxuda nəyisə əvvəlcədən görür. Bu yuxunu insan özü görmür. İnsan yatdıqda ölür. Onun gördüyü yuxunu idarə edən ruhdur. Yatıb yuxuda görür ki, Niaqara şəlaləsindədir. Çünki ruhlar üçün zaman və məkan məfhumu yoxdur.


Əli Abbasov, fəlsəfə üzrə professor:

- Ruh sözü müxtəlif anlamlarda işlədilir. Birinci insanın psixikası nəzərdə tutulur. İkinci isə, universal təfəkkür, yaxud kosmik təfəkkür. Elm də bunu hansısa bir formada qəbul edir.

Təbii ki, bunu belə qəbul etmək olar ki, hanısa bir ümumi ruh var , o ruhun tərkib hissələri insanlarda və bütün təbiətdə özünü göstərir. Bugünkü fəlsəfənin dünyagörüşü daha çox bu cürdür.
Əlbəttə, bu universal təfəkkürü və ya ruhu qəbul etməyən filosoflar da var.

O ki, qaldı insan ruhuna, psixilogiya artıq təsdiq edib ki, belə bir anlayış var və bir reallıqdr.

Sərdar Cəlaloğlu, həkim:

- Tibbdə ruh ilə bağlı neç nə yoxdur. Mən bununla bağlı böyük bir kitab yazmışam. Ruh nədir, nə zaman insan bədəninə daxil olur, nə zaman çıxır, haradan daxil olur... Mən o kitabı həkim kimi yox, filosof kimi yazmışam. Və onu da təsdiq edən çox ciddi elmi əsaslar gətirmişəm.

Elmi əsaslardan biri odur ki, canlılığın özünün müəyyən xarakteristikası var. Bir də, digər canlılarda aşkar olunmayan elə xarakteristikalar var ki, onlar yalnız insanda təzahür edir. Bəzi insanlarda isə təzahür etmir. Məsələn, anadangəlmə ağılsız dediyimiz insanlar var ki, onlarda heç bir ruhi əlamət müşahidə olunmur. Ağır ruhi xəstələrin davranışında fərqlilik görürük.

Bunlar onu göstərir ki, insanda hansısa xüsususi bir qüvvə var və o qüvvənin münasibətinin pozulmasından bu cür əlamətlər meydana çıxır.
Ruhun çəkisi-filan da yoxdur, bu, yanlış söhbətdir.

* * *

Növbəti sualımız belə olacaq: İnsan ölümsüz ola bilərmi?

Şahanə Rəhimli,
AzVision.az



Teqlər:  





Xəbər lenti